Müğənni Selin Dionun böyük səhnəyə qayıdışı müğənniyə 125,5 milyon dollar qazandırıb.
OLAY yazır ki, müğənni Parisdəki “Plenitude Arena” konsert kompleksində baş tutan 16 konsertlik proqram çərçivəsində 539 min bilet satıb. Sentyabrın 12-dən oktyabrın 17-dək davam edən çıxışlar zamanı Dion məkan tarixində ən çox bilet satan ifaçı rekorduna imza atıb.
İlk olaraq 10 konsert planlaşdırılsa da, yüksək tələbat səbəbindən proqrama daha 6 çıxış əlavə edilib. Sonuncu konserti isə 30 mindən çox tamaşaçı izləyib. Müğənninin gələn ilin may ayında daha 10 konsertlə Parisə qayıtması gözlənilir.
Səhnəyə qayıdış 58 yaşlı sənətçi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Dion 2022-ci ildə nadir nevroloji xəstəlik olan əzələ sərtliyi sindromundan əziyyət çəkdiyini açıqlamışdı. 2023-cü ildə planlaşdırılan turnesini ləğv edən müğənni bir müddət səhnədən uzaq qalmışdı.
Uzun fasilədən sonra Dion ilk dəfə 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində geniş auditoriya qarşısında çıxış edib.

















