Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev RTV-də yayımlanan “Qaranlıqda həqiqət” proqramının qonağı olub.
OLAY yazır ki, iş xanımı Ruhiyyə Əliyevanın suallarını cavablandıran Quliyev 5 il əvvəl ailəsində baş verən faciə - 36 yaşlı qızı Humay Quliyevanın vəfatından söz açıb:
“Bu barədə danışmaq mənə çox çətindir. Təbii, özümü həmişə günahkar görürəm. Bəlkə də, yanımızda otursaydı, bir valideyn kimi ona deməsəydim ki, xaricdə ən yaxşı ali məktəbdə təhsil al, ürəyin istəyən işlə məşğul ol... Çox ağırdır. O günah hissi həmişə yaşayacaq məndə. Bu barədə danışmaq çətindir”.
V.Quliyev həmçinin qızı Humayın xatirəsini yaşatmaq üçün yaradılan “Huma Quşu” təhsil fondunun fəaliyyətinə də aydınlıq gətirib:
“Bizim Humay kiçik yaşlarından beynəlxalq qurumlarda, Dünya Bankında çalışırdı. Biz düşündük ki, ondan qalan vəsaiti nəyə sərf edək. Qərara gəldik ki, onu təhsil sahəsinə sərf edək və bu fond yaradıldı. Fondun işlərinə xanımım rəhbərlik edir. 4 ildir fond istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda istedadlı gənclərə taqaüd ayırır. Biz bunu Humayın xatirəsi qarşısında borcumuz sayırıq”.
Qeyd edək ki, H.Quliyeva müxtəlif illərdə bp, Dünya Bankı, “Financial Times” kimi şirkətlərdə çalışıb, həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. 2019-cu ilin noyabrından 2021-ci ilin martına qədər BQXK-nin Kolumbiyadakı Nümayəndəliyinin Medellin ofisində mülki əhalinin mühafizəsi qrupunun rəhbəri vəzifəsində çalışıb. 2021-ci il martın 13-də Kolumbiyada faciəli şəkildə vəfat edib.
















