Kazımovanın hitləri onların ifasında!

Kazımovanın hitləri onların ifasında!

Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində daha bir ilkə imza atıb.

OLAY yazır ki,  pop diva bu dəfə 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib.  Sənətçi bununüçün 31 sənət nümayəndəsini bir araya toplayıb. Aralarında Xalq və Əməkdar artistlərin, həmçinin gənc ifaçıların yer aldığı sənətçilər Kazımovanın repertuarından əfsanəyə çevrilən əsərləri ilə yanaşı, dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.

“Best of Aygun - All stars” adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev,  Dilarə Kazımova, Elvin Babazadə, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb. 

Divanın qızı İlqarə Kazımova da anasının repertuarından ən ikonik mahnılarından biri, 30 ilə yaxındır gündəmdən düşməyən “Karie qlaza” mahnısını albom üçün səsləndirib. 

Tribyut albom (Bir sənət adamına hörmət olaraq hazırlanan xüsusi albomdur. Bu cür albomlarda bir sənətçinin məşhur mahnıları başqa ifaçılar tərəfindən yenidən səsləndirilir - red.) üzərində 7 ay böyük komanda çalışıb. Hətta Kazımovanın mahnılarını bundan əvvəl oxuyan ifaçılar onu yenidən aranjiman etdirərək, fərqli formada hazırlayıblar.  Böyük əmək sərf olunan albom dijital platformada sevənlərin ixtiyarına verilib. 

“Best of Aygun - All stars” albomunda yer alan bəzi ifaları dinləyicilər bundan əvvəl eşitsələr də, bir çoxu ilk dəfə təqdim olunub.