"Dedim ki, daha şair deyiləm"

"Dedim ki, daha şair deyiləm"

"Uzun zamandır şeir yaza bilmirdim. Nə yazsam, gəlib Süleyman olurdu. Mən də yazmadım, hər şey birdən gözümdə mənasızlaşdı".

Milli.Az xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı "Xəzər axşamı" verilişində deyib. O, nəvəsi Süleymanın avtoqəzada həlak olmasından sonra təbi gəlmədiyini açıqlayıb:

"Artıq hadisənin iki ili tamam oldu. 20 gün idi çalxalanırdım. Şeir də yaza bilmirdim. Uşaqlarıma dedim ki, mən daha şair deyiləm. Getdim bağda göy-göyərti əkdim, sonra heç nə etməyim gəlmədi. Bir elə idim, bir belə. Heç bilmədim kiməm, nəyəm. Torpağına altına baxdım, ölənlərim, üstünə baxdım, qalanlarım. Ona görə də yaşamaq lazımdır. Cığatelim, Əlim, Nurum var. Buna görə də "Hərdən ölməməyim, hərdən ölməyim gəlir" şeirini yazdım.

Cığatel İsaqızı nəvəsinə yazdığı şeiri mahnıya çevirmək istəməməsinin səbəbini də açıqlayıb:

"Süleymana yazdığım şeiri dillərdə dastan olub. Kimin vəfat edəni varsa, mənim səsimi onların üzərinə qoyub, sosial şəbəkədə paylaşırlar. O qədər ağır günlər keçirmişik ki, evə girəndə zornan gülürük. Atasını, anasını güldürmək, Cığateli ovutmaq istəyirik. Yazdığım şeiri mahnıya çevirib, onların yaralarını dərinləşdirmək istəmirik".

Qeyd edək ki, sözügedən hadisə 2 il əvvəl Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.
 

Milli.Az