Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)

Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)

Xalq artisti Aygün Kazımovanın illər əvvəl verdiyi arxiv müsahibəsindən görüntülər sosial şəbəkələrdə yenidən yayılaraq böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, kadrlarda pop diva məşhur "Tənha Qadın" mahnısının yaranma tarixindən danışır. Müsahibə zamanı jurnalistin sənətçinin şəxsi tənhalığı ilə bağlı ünvanladığı sual isə Aygün Kazımovanın kövrəlməsinə səbəb olub. Həmin anlar izləyicilər arasında geniş müzakirələr yaradıb.

Məlumata görə, "Tənha Qadın" mahnısının maraqlı yaranma hekayəsi var. Bəstəkar Cavanşir Quliyevnın ev telefonuna Zahidə adlı naməlum bir xanım zəng edərək yazdığı şeiri oxuyub. Bəstəkar həmin şeiri telefon vasitəsilə qeyd edib və sonradan ona musiqi bəstələyib. Daha sonra mahnını studiyada özü ifa edib.

Bir müddət sonra Aygün Kazımova bəstəkarın ev studiyasında olarkən bu əsəri dinləyib və onu səsləndirmək istədiyini bildirib. Müəllifin razılığı ilə mahnı sənətçinin repertuarına daxil edilib.

Beləliklə, 2000-ci ilin ilk günlərində "Tənha Qadın" həm klipi, həm də təsirli sözləri ilə dinləyicilərə təqdim olunaraq qısa zamanda Aygün Kazımovanın ən yaddaqalan hitlərindən birinə çevrilib.

Arxiv görüntülərinin yenidən yayılması sosial şəbəkələrdə maraq doğurub. İzləyicilər həm mahnının yaranma tarixini, həm də Aygün Kazımovanın duyğusal anlarını müzakirə edərək müxtəlif fikirlər bölüşüblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az