“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)

“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)

Milli.Az Xalq"Qafqazinfo"nun bu gün 74 yaşı tamam olan xalq artisti Sərxan Sərxanla müsahibəsini təqdim edir:

- 74 yaşınızı qeyd edirsiniz. Necə bir yaşdır?

- Bilirsiniz, insan daxildə özünü necə hiss edirsə, o yaşdadır. Belə baxsam, 74 çoxdur da, amma onu hiss eləmirəm. Elə bil qatar gedir və dayanacaqlarda dayanır. Bir dayanacaq, ikinci, üçüncü və sairə. Hə, 10 yaşım oldu, 15 yaşım oldu... Məndə isə qatar dayanmır, gedir. Dayanacaq yoxdur. Ona görə də yaşımı saymıram. Mən həmişə hərəkətdəyəm - fiziki hərəkətdə, yaradıcı hərəkətdə. Bu hərəkətlər adamı yaşadır və insan inkişaf edir. Əgər insan inkişaf etməsə, onda deyəcək ki, "Hə, 74 yaşım var, yaşlıyam. Evdə oturmuşam, heç yerə çıxmıram". Yox, mən yaşı saymıram. Mən yaşsız yaşayıram.

- Bəs özünüzü neçə yaşda hiss edirsiniz?

- Bu barədə fikirləşməmişəm, amma belə baxanda özümü 47-53 yaşlarında hiss edirəm.

- Ad günlərini qeyd etməyi sevirsinizmi? Bu il üçün xüsusi planınız var?

- Bilirsiniz, mən Moskvada idim, ayın 11-də gəlmişəm. Xüsusi gəlmişəm ki, ad günümü burada qeyd edim, ad günümə həsr olunmuş konsertimi tamaşaçılarımıza təqdim edim. Çünki mənim üçün ən böyük hədiyyə səhnədə tamaşaçılar qarşısında mahnı oxumaqdır. Əvvəl istədim bir restoranda oturaq. Sonra dostlar dedilər: "Neynirsən restoranı? Qəşəng böyük zalın var, həmişəki kimi burada yığışaq. Musiqi də var, oturaq". Onsuz da hər cür yeməklər də olacaq. Yaydır, nə qədər yeyər insan? Gedib hərdən yaxşı, qəşəng kabablar yeyirik, darıxmışam kabablar üçün. Hə, bu dəfə evdə yaxın dostlarla yığışacağıq. Ayın 22-si də konsert olacaq, orada səhnədə ad günümü keçirəcəyəm. 

- Konsert vermək, həm də sanki sizdən tamaşaçılara hədiyyədir. Bəs onlardan necə?

- Onlar da mənə diqqətləri və münasibətləri ilə hədiyyə verirlər.

- Vurğuladınız ki, konsertiniz olacaq. Necə hazırlaşırsınız? Gördüyüm qədərilə evdə hazırlaşırsınız hələ ki.

- Bilirsiniz, tək çıxış etmək, solo konsert vermək çox ciddi məsələdir. Mən ildə iki dəfə solo konsert verirəm. Sözün doğrusu, keçən illərə, 80-ci illərə qayıtsaq, elan verən kimi həftədə beş konsert verirdim, bilet tapılmırdı. Onda mən cavan idim, mənim tamaşaçılarım da sizin kimi cavan qızlar idi. Hamı gəlirdi, çox populyar idim. İndi mənim pərəstişkarlarım böyüyüb, çoxu nənə olub. Onlar gəlirlər, amma sözün doğrusu, auditoriya azalıb. Sonra şəhər də dəyişib, şəhərin əhalisi də dəyişib. Çoxu indi, belə deyək, sonradan gələnlərdir, milli musiqi ilə məşğul olanlardır, estrada ilə maraqlanmayanlardır. Bəlkə də məni tanımırlar. Mən onları qınamıram. Çalışıram ki, proqram təkrar olmasın. Mahnıların 40-50 faizi dəyişsin, əvvəllər oxunmayan mahnılar olsun.

- Yaşa dolduqca yaraşığınız və karizmanız da sanki artır. Bunun xüsusi bir sirri var?

- O gün küçə ilə gedirdim, dükana girdim. Görürəm bir qadın da arxamca girdi. Mənimlə söhbət etmək istəyirdi. Təxminən 45 yaşı olardı. Dedi: "Siz belə cavan görünürsünüz, bilirəm, neçə yaşınız var. Bunun sirri nədir? Səbəbi nədir?" Dedim: "Həmişə hərəkətdə olmaq". O bunu dərindən başa düşmədi, dedi: "Hə, gəzmək lazımdır?" Dedim: "Yox. Hər sahədə hərəkətdə, inkişafda olmalısan. Yaradıcılıqda, dostluqda, fiziki fəaliyyətdə".

Bir də gərək qidaya, yeməyə fikir verəsən. Yeməkdən çox şey asılıdır. Nəfs, səbir - bunlar çox yaxşı anlayışlardır. Nəfsini bir az azaltmalısan ki, başa düşəsən, insan təkcə yeməklə yaşamır. Yemək nədir ki? Maşına benzin tökürlər, maşın gedir. Yemək də bizim üçün bir növ benzindir. Bəli, dadlı yeməyi sevirik, amma qoy az olsun, keyfiyyətli və dadlı olsun.

Fikir vermişəm bizim məclislərdə, istəyirik qonaqlar görsünlər ki, masada hər şey var. Amma toyda olan yeməklərin hamısını yesəm, mən partlayaram. Salatlar gəlir, pirojkilər qoyurlar, sonra kabab gəlir, axırda da dondurma, pirojna... O qədər şeyi qarışdıranda mədə neynəsin? Sonra da mədə xarab olur. Ona görə əsas ruhi qida olmalıdır. Əsas insanı yaşadan da odur.

- Ümumiyyətlə, gününüzü necə keçirirsiniz?

- Mən tez dururam. Bilirsiniz, bir də deyirlər ki, bayquş adamlar var, gec yatırlar, gec də dururlar. Mən elə deyiləm. Saat on ikinin yarısı, bir radələrində yuxu basır məni, yatıram. Səhər dördün yarısında oyanıram. Beşdə, altıda artıq ayaq üstə oluram. Səhər-səhər o qədər iş görmək olur ki...

Evdə həmişə iş var. Təsərrüfat işi, yaradıcılıq işi, nəsə bir məşğuliyyət tapılır. Çalışıram ki, evdə həmişə təmizlik olsun, hər şey öz yerində olsun. Qabaqlar qastrol səfərlərində çox hotellərdə qalırdım. Hoteldən çıxanda işçilər təəccüblənirdilər ki, "Siz burada yaşamısınız? Hər yer o qədər təmizdir". Deyirdim, "Belə səliqəliyəm də".

Bəziləri gedəndə şüşə, kola qabı, nə bilim nə qoyub çıxırlar. Mən elə deyiləm. Ətrafımda da, daxilimdə də təmizlik olmalıdır.

- Bu evdə də tək yaşayırsınız. Belə başa düşdüm ki, evlə bağlı işlərinizi də özünüz görürsünüz.

- Bəli, burada tək yaşayıram. Çox vaxt ev bağlı olur. Açarı bir dostuma vermişəm ki, nəzarət eləsin. Deyirəm, nə vaxt istəsən gəl, şəhərin mərkəzindədir, otur, televizora bax. Bilirsiniz, mən ilk evi bundan iki tin yuxarıda tikdirmişdim. Orada köhnə bir ev var idi. Vaxtilə atam almışdı. Moskvadan tez-tez gəldiyim üçün dedim ki, onu mənə verin, bərpa etdirim, yaşayım. Ora qəsəbə tipli bir yer idi. Bir az ora-burasını düzəltdim, qaldım orada.

Sonra həmin ərazidə bina tikməyə başladılar. Gəlib dedilər ki, "Sərxan müəllim, burada bina tikəcəyik". Hamı evini satmışdı, köhnə evlər idi. Dedim ki, mənə pul lazım deyil. Əgər bu ərazidə mənə uyğun ev tapsanız, dəyişərəm. Bu evi verərəm sizə, özüm də ora köçərəm. Mənə üç variant göstərdilər, bunu seçdim. Niyə? Çünki məktəbi burada oxumuşam. İki tin aşağıda dünyaya gəlmişəm. Burada olanda uşaqlığımı hiss edirəm, Bakıda olduğumu hiss edirəm. Mən Bakını çox sevirəm.

Məndən əvvəl burada çox gözəl bir xanım yaşayırdı. Konservatoriyada musiqi müəllimi idi, piano dərsi deyirdi. Elə bilirəm ki, onun aurası hələ də bu evdə qalıb. Yaxşı insan olub.

- Deməli, belə şeylərə bir az inancınız var - aura, enerji və sairə?

- İnancım var, hə. Aura var da, aura qalır. Əsas da bu otaqdadır. Çox gözəl otaqdır, çox gözəl aurası var.

- Mən elə bilirdim ki, siz daha çox Moskvada olursunuz, Bakıya az-az gəlirsiniz. Amma belə başa düşdüm ki, ilin çox hissəsini elə Bakıda keçirirsiniz.

- Bilirsiniz, 16 yaşım tamam olanda Moskvada musiqi kollecinə, gitara ixtisasına qəbul oldum. Yataqxanada qalırdım. Ayda 20 manat təqaüd verirdilər. Atam da bir az pul göndərirdi. Amma tələbə elədir də, həmişə ac olur, həmişə yemək istəyir. Sonra orada tanındım. 1985-ci ildə məni bura dəvət etdilər. Respublikanın rəhbərliyi dedi ki, "Orada oxuyan Sərxan Sərxan azərbaycanlıdır, yaxşı oxuyur, ölkəni gəzir. Qoy bizim adımızla işləsin, çıxış eləsin, azərbaycanlıları tanıtsın". Bu, düzgün fikir idi və məni dəvət etdilər ki, Azərbaycanın adı ilə fəaliyyət göstərim.

Mən də burada öz musiqi qrupumu yaratdım. Qastrol səfərlərimi Moskva təşkil edirdi, amma afişalarda yazılırdı: "Azərbaycan Filarmoniyası", "Azərbaycan Sovet Respublikasının əməkdar artisti". Yaxşı bir kollektiv yığmışdım. Musiqiçilərin hamısı Bakı sakinləri idi. Birlikdə demək olar ki, bütün ittifaqı gəzmişdik - Kamçatka, Moldova, Kişinyov, Baltikyanı və başqa yerlər.

- Tez-tez səfərlərdə olmusunuz. Çətin deyildi?

- Sovet İttifaqında ümumi dil rus dili idi. Mən də rus dilini yaxşı bilirdim. Konsertlərimiz yaxşı keçirdi. Ona görə də demək olmaz ki, haradasa yaşamışam. Daha çox qastrol səfərlərində olmuşam. İmkan olanda Bakıya qayıdırdım, yaxın olanda isə Moskvaya gedirdim.

Sonra Sovet İttifaqı dağıldı və bunlar da qurtardı. Baxmayaraq ki, Moskvada evim də var, hər şeyim də var, amma son zamanlar daha çox çalışıram Bakıda qalım. Nəsə lazım olanda - müalicə, hansısa tədbir və ya qızımla bağlı bir məsələ olanda - Moskvaya gedirəm. Amma burada qalmaq daha çox xoşuma gəlir.

- Bəs niyə Sərxan Sərxan?

- Mənim soyadım Qurbanbəyovdur. Hələ Moskvada təhsil alanda müəllimlər həmişə çaşırdılar, "Qurbanbəyov" sözünü deməkdə çətinlik çəkirdilər. İlk dəfə səhnəyə də Moskvada çıxmışam. Orada aparıcı məni təqdim edəndə soyadımı düzgün deyə bilmirdi.

Dedim ki, elə "Sərxan Sərxan" deyin. Beləcə də qaldı. Babamın da adı Sərxan olub, ona görə bu adı seçdim. O vaxtlar Sərxan adı o qədər də geniş yayılmamışdı. Sonradan çoxaldı. Hətta 1984-85-ci illərdə doğulanların arasında bu adın çox yayılmasına mənim də təsirim olub. Deyirlər ki, mənə görə uşaqlarına Sərxan adı qoyublar. Bir növ bu adı populyarlaşdırdım.

- Moskva-Bakı arasında gedib-gəlməkdən söz düşmüşkən... Bir müddət əvvəl iki dövlət arasında münasibətlər gərgin idi. Sizə qarşı münasibətdə hansısa narahatlıq hiss etmisiniz?

- Mənə qarşı yox idi. Mamed Ağayevlə (red: Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev) tanışam. Görürsünüz də, onu həbs etdilər. Biz onunla görüşməli idik. Bir gün əvvəl zəngləşmişdik ki, gəlim, görüşək. Səhəri gün eşitdim ki, həbs ediblər.

- Sosial şəbəkələrdən istifadə edirsiniz?

- Yox, yox. Bilirsiniz, hər yaşın, hər dövrün öz enerjisi var. İndi insanların həvəsi başqa tərəfə yönəlib. Özümü göstərim ki, "hə, mən beləyəm", nə bilim nə... Niyə göstərim özümü? Mən bilirəm də necə adamam. Hələ arzulara, hədəflərə bəlkə də çatmamışam. Arzuların, hədəflərin axırı yoxdur. Əgər sən desən ki, "mən artıq məşhuram, hər şeyi bilirəm", onda sən bitmisən. İnsan həmişə deməlidir ki, inkişaf edirəm. Bu hədəfə çatdın, o biri hədəf gəlir.

- Bu sualı ona görə verdim ki, çox zaman insanlar məşhurları ictimai məsələlərə reaksiya verməməkdə qınayırlar. Məsələn, Türkiyədə hər hansı hadisə baş verəndə tanınmış sənətçilər bununla bağlı paylaşım edirlər. Siz bu məsələyə necə yanaşırsınız?

- Nə deyirsiniz, düzdür. İnsanlar münasibətlərini bildirməlidirlər. Bu, vətəndaşlıq və insanlıq borcudur. Amma bir hadisə danışım. Bir neçə il bundan əvvəl Moskvada idim. Sizin kimi cavan bir qız müsahibə almaq üçün zəng etmişdi. Dedim ki, gələ bilmirəm, vaxtım yoxdur. O qədər xahiş etdi ki, razılaşdım və geniş müsahibə verdim. Sonra gördüm ki, elə şeylər yazılıb ki... Onun öz təqsiri yox idi, yazığım gəldi ona. Baş redaktor dəyişib yazmışdı. Belə bir başlıq qoymuşdular: "Rayonlu nə bilir, nə qanır teatr nədir?"

O qədər söz-söhbət gəldi mənə. Görürsünüz, necə sözümü təhrif etmişdilər? O vaxt vəziyyət çətin idi, qaçqınlar çox idi, insanlar dolanışıq dərdi çəkirdi. Mən demişdim ki, acqarına nə teatr, nə konsert? İnsan əvvəlcə yaşamalıdır. Amma onlar həmin fikri elə təqdim etmişdilər ki, guya başqa məna verir.

Sadəcə sensasiya axtarırdılar. Ondan sonra özümə söz verdim ki, heç kimə müsahibə verməyəcəyəm. Çünki sözləri dəyişirlər, sensasiya yaratmağa çalışırlar. Amma sizə müsahibə verdim. Televiziya kanallarına da çox çıxmıram. Ancaq AzTV, Mədəniyyət TV və İctimai TV-yə gedirəm. Digər kanallar zəng edəndə də demişəm ki, zəng etməyin, sizin kanallarda çıxış etməyəcəyəm.

- Hə, orada belə bir cümlə yazılmışdı ki, "Rayon sakini nə bilir konsert nədir, teatr nədir..."

- Moskvada bütün dostlarım rayondan çıxan adamlardır. Mən orada 50 ildən çox yaşamışam, amma dilimi itirməmişəm. Onlarla münasibətdəyəm, söhbət edirik, mehribanıq. Bu nə sözdür ki, "nə qanır"? Heç mənə yaraşar belə söz işlətmək?

Sonra o qıza çox zənglər oldu. Hətta Lütfəli Abdullayevin qızları da ona zəng etmişdilər. Dedim ki, o qızın təqsiri yoxdur, baş redaktor mənim sözümü dəyişib. Yazıqdır o qız, özünü eyvandan atar, eləməyin.

- Elə bir dövr var idi ki, məşhur sənətçiləri əsasən televiziya ekranlarından görürdük və buna baxmayaraq mahnıları dillər əzbəri olurdu. Bu gün isə bir çox ifaçının tanınması sosial şəbəkələrdən, xüsusilə də "TikTok"dan başlayır. Bu dəyişikliyi necə qiymətləndirirsiniz?

- Onlar düz edirlər. İndi yeni texnologiyalar dövrüdür. Əvvəllər klip çəkirdilər, indi isə klip o qədər də dəbdə deyil. Daha çox qısa videolar çəkilir. "TikTok" da buna görə populyardır. Məlumat qısa və sürətli şəkildə təqdim olunur. İnsanlar da ona görə baxırlar.

- Sərxan bəy, gitaraya görə avarçəkmədən uzaqlaşmısınız. Belə bir məlumat oxumuşdum.

- Bəli, bəli... Peşəmi dəyişdim. Əslində idmançı idim. Xəzər dənizində yaxt-klub var idi. Hər gün gedib avar çəkirdim, özü də inkişaf edən idmançılardan sayılırdım. Sonra klassik gitara səsini eşitdim və bu alətə vuruldum. Dedim ki, yox, mən taleyimi bununla bağlayacağam. Atama bildirdim ki, idmanı bir kənara qoyuram, gitaraçı olmaq istəyirəm. Dedi: "Ayə, utanmırsan? Adam ol, ali təhsil al. Qırx yaşın olacaq, soruşacaqlar nə işlə məşğulsan, deyəcəksən gitara çalıram? Yox, qələt edirsən". On üç yaşım var idi. Ondan küsdüm, evdən qaçdım. Noyabr ayı idi, hava soyuq idi. İki gecə bağlarda gizləndim. Sonra dedi ki, qoy qayıtsın, istəyirsə, məşğul olsun.

Arzun varsa, onun uğrunda mübarizə aparmalısan. Əgər desəydim ki, "hə, yaxşı, necə deyirsiniz, elə edəcəyəm", onda heç nə alınmazdı. Məsələn, deyərlər filankəsin qızını al, sən də düşünmədən razılaşarsan. Sevgi olmadan ailə qurarsan. Bir neçə il yaşayarsan, uşaq da olar. Sonra anlayarsan ki, sevmirsən. Qarşı tərəf də anlayar ki, sevilmir. Bədbəxt olurlar, bəzən də ayrılırlar. Ona görə insanın arzusu varsa, onun uğrunda mübarizə aparmalıdır.

Böyük qardaşım əlaçı idi, mən isə yaxşı oxumurdum. Dəcəl uşaq idim. Atam da hərdən məni qayışla cəzalandırırdı. O vaxtlar belə şeylər adi idi. Sonralar zarafatla deyirdim ki, "Mən indi əməkdar artistəm, sən məni qayışla döyürdün". Deyirdi: "Döyməsəydim, əməkdar artist olmazdın".

Gitara çox gözəl alətdir. Həm də indi mənə yoldaşlıq edir. Siz soruşdunuz ki, tək yaşayıram? Yox, gitara da mənimlədir. Bilirsiniz ki, mən gitaranın müşayiəti ilə ifa edirəm.

("Küsmə" mahnısından bir parça ifa edir.)

Üç gitaram var. Hərəsinin də öz xasiyyəti var.

- Onda konsertə gedəndə hər birini aparırsınız?

- Hə, birdən sim qırılar, o birisini götürüb çalarsan.

- İlk gitaranızı necə almışdılar?

- İlk gitaramı oğurladılar dənizdə... Böyük bacım, Allah ona rəhmət eləsin, almışdı mənə. Maaşı da çox az idi, 70 rubl. Burada bir istirahət zonası var idi, orada yaşlı insanlara baxırdı. Hə, ilk gitaramı o aldı mənə. 15 rubla. Mən hələ çala bilmirdim. Bir gün böyük qardaşımın dostları gəldilər. Çimərliyə gedirdilər. Dedilər ki, sən də gitaranı götür gəl. Dedim ki, heç çala bilmirəm. Dedilər, eybi yoxdur, götür gəl. O vaxt şəhərdə demək olar, bütün millətlər yaşayırdı. Bir nəfər gəldi, rusca dedi: "Парень, можно твою гитару?" Mən də uşaq idim, çəkindim, verdim. Götürdü və bir də qaytarmadı. Elə o aparan oldu. Gitara oğurlandı.

- İndi gənclər arasında gitara çalanlar çoxdur. Xüsusilə küçə sənətində buna tez-tez rast gəlirik. 

- Hə, indi dəbdədir, hər yerdə çalırlar. Pis də çalmırlar. Bilirsiniz, bizdə müxtəlif janrlar var. Opera var? Var. Dram teatrı var? Var. Filarmoniyada klassik musiqiyə diqqət yetirilir? Yetirilir. Simfonik orkestr var, kapella var. Bəs estrada ifaçısı hara getsin?

Filarmoniyada estrada şöbəsi yoxdur. Teatrlarda da yoxdur. Sovet vaxtı var idi. İndi estrada müğənnisinin əmək kitabçası var, amma harada işləməlidir? Toya. Mən indi sizə "Küsmə" mahnısını oxudum. Belə mahnı toyda gedər? Getməz. Bu mahnı konsert zalı üçündür. Toyda insanlara oyun havası lazımdır, rəqs etmək istəyirlər.

- Toylardan söz düşmüşkən, bildiyim qədərilə siz çox toy məclislərinə getməmisiniz.

- Mən toy müğənnisi deyiləm. İstəsəm də, mən kimə lazımam toyda? Toyda əyləncə olmalıdır. O, başqa janrdır. Demirəm pis janrdır, yaxşı janrdır.

- Bəs qazancınız haradan olurdu? Elə konsertlərdən?

- O vaxt çox qazanırdım, Sovet İttifaqında. Hə, konsertlərdən. Məndə belə idi ki, hər konsertə görə 112 manat alırdım. Bu da orta mühəndisin, alimin bir aylıq maaşı idi. Onlar ayda 100-120 manat qazanırdılar, mən isə bir konsertdən o qədər pul alırdım. Ayda 3 min, 4 min, hətta 5 min manat qazanırdım. O dövr üçün çox böyük pul idi.

- Azərbaycan efirləri son vaxtlar tez-tez müzakirə mövzusu olur. Bilmirəm, qarşınıza çıxır, ya yox. Ümumiyyətlə, özünüz bizim telekanallara baxırsınız?

- Burada olanda baxıram. Yox, maraqlı mövzular olur. Əvvəllər Bakıda hər millətdən insan yaşayırdı. Qonşularımız da fərqli millətlərdən idi. Məsələn, Gürcüstanda gürcünü görəndə bilmirdin rayon adamıdır, yoxsa şəhər adamı. Amma bizdə fərq çox hiss olunurdu. Geyimindən, danışığından görünürdü ki, bu adam rayondandır. Özü də rayondan əsasən tələbələr gəlirdi. Oxuyurdular, kirayədə, bəzən zirzəmilərdə qalırdılar. Pendir-çörəklə dolanırdılar, sonra professor, akademik olurdular. O vaxt rayondan gəlib taksi sürmək kimi bir yanaşma yox idi. 90-cı illərdə hər şey dəyişdi. Bakının əhalisinin böyük hissəsi köçdü, şəhərə qaçqınlar və rayonlardan gələn insanlar gəldi. Bakı onları tam mənimsəyə bilmədi. Ona görə də şəhər mədəniyyətinin səviyyəsində müəyyən enmə hiss olunurdu. 90-cı illərdə bulvara çıxırdın, hər yerdə tum qabıqları, zibil görürdün. İndi isə şəhər təmizdir.

- İndi şəhərə gələnləri şəhərlilərdən ayırmaq olmur.

- Hə, indi olmur. Gürcüstanda da belədir. Orada yaşayan azərbaycanlılar gürcü dilini bilirlər. Gürcülər buna önəm verirlər. Bizdə isə Bakıda yaşayan bəzi azərbaycanlılar Azərbaycan dilini lazımınca bilmirlər. Digər millətləri demirəm hələ. Bu, bir az da özümüzdən asılıdır. Bir rus otursun beş azərbaycanlının arasında, hamı başlayır rusca danışmağa. Niyə? Danış ana dilində, o da öyrənsin. Deyirik tolerantıq, yazıqdır, başa düşməz. Amma məsələ bunda deyil. Məsələ rus dilinə qarşı olmaq deyil. Elə özüm də rus dilini sevirəm, yaxşı da danışıram. Sadəcə anlamıram ki, dövlət dili Azərbaycan dili olduğu halda niyə rus sektoru dövlət tərəfindən ayrıca dəstəklənməlidir? Rus dili də, ingilis dili də xarici dillərdir, istəyən onları özəl şəkildə öyrənə bilər.

Vaxtilə valideynlər uşaqlarını rus sektoruna ona görə verirdilər ki, orada təhsil daha güclü idi. Güclü müəllimlər var idi, ruslar, yəhudilər, yaşlı və təcrübəli pedaqoqlar dərs deyirdilər. Azərbaycan sektorunda isə həm müəllim, həm də tədris materialları baxımından müəyyən çatışmazlıqlar var idi. Bir çox elmi məlumatlar və kitablar da əsasən rus dilində idi. Buna görə rus sektoru daha üstün görünürdü.

Amma indi vəziyyət əvvəlki kimi deyil. Həm orada, həm burada dərs deyənlər əsasən bizim müəllimlərimizdir, azərbaycanlı gənclərdir. O dövr keçib ki, məktəbdə Aron İzrayleviç kimi yaşlı və çox güclü riyaziyyatçılar dərs desin. Səviyyələr artıq bir-birinə yaxınlaşıb. Bəzən görürsən beş-altı azərbaycanlı uşaq bir yerdədir, amma öz aralarında yalnız rusca danışırlar. Adam düşünür ki, axı siz azərbaycanlısınız. Sabah bu ölkədə yaşayacaq, işləyəcəksiniz. Dövlət işində, ictimai həyatda hansı dildə fəaliyyət göstərəcəksiniz? Valideynlər bəzən bunun gələcəyini düşünmürlər. Məncə, uşaqlar ilk növbədə öz ana dillərini mükəmməl bilməli, sonra isə istədikləri xarici dilləri öyrənməlidirlər.

- Sərxan bəy, siz təkcə Rusiyanın və Azərbaycanın mədəniyyətini deyil, bir çox ölkələrin mədəniyyətini görmüsünüz, konsertlər vermisiniz, səfərlərdə olmusunuz. Son illərdə Azərbaycan mədəniyyəti ilə bağlı da müzakirələr var. Bəzi sənətçilər tərəfindən qalmaqallı fikirlər səsləndirilir. Bilmirəm məlumatınız var, ya yoxdur. Kənardan baxan bir insan kimi, bu gün Azərbaycan mədəniyyətində hansı problemləri görürsünüz?

- Bizdə paxıllıq var. Paxıllıq... Paxıllıq... Sən irəli getmək istəyirsən, get. Niyə başqasını geri çəkməyə çalışırsan? Bir az səbirli olmaq lazımdır, təvazökar olmaq lazımdır. Mənə deyirlər ki, "Siz Xalq artistisiniz". Deyirəm, "Yox e, mən xalqın artistiyəm, Xalq artisti deyiləm". Bəziləri ad almaq üçün ölürlər. Hə, ad aldın, nə dəyişdi? Əgər sən əvvəldən zəif ifaçı idinsə, ad alandan sonra birdən-birə yaxşı ifaçı olacaqsan? Yox. Yenə də həmin səviyyədə qalacaqsan. Əsas odur ki, xalq səni sevsin. Kağız üzərində yazılan adın nə əhəmiyyəti var ki?

Rəhmətlik Səməd Səmədov yaxşı oğlan idi. 80-ci illərdə aparatura daşıyırdı. Sonra oxumağa başladı. Yaxşı toy müğənnisi idi, yaxşı şoumen idi. Amma səhnə artisti deyildi. O da Xalq artisti oldu. Bir dəfə hansısa verilişdə çıxış edirdi. Kimsə ona "Səməd müəllim..." deyə müraciət etdi. O da cavab verdi ki, "Əşi, məni kim tanıyır e? Sərxan müəllimi tanıyırlar. Əsl xalq artisti odur". Özü də bunu səmimi şəkildə deyirdi. Sovet İttifaqı dağılandan sonra mənə dedi: "Sərxan, sənin adın var, gəl sənə bu toy mahnılarından verim, get oxu". Dedim: "Yox e. Mən o mahnıları oxuya bilərəm, çətin deyil. Amma onda Sərxan ləğv olar. Sərxan olmaz artıq. Niyə mən pula görə özümü satım?"

- Bu gün Azərbaycanda bayağı hesab edilən bəzi müğənnilər hətta Moskvada toylara dəvət alırlar. Bu da onların məşhurlaşmasına təsir edən amillərdən hesab olunur. Elə həmin ifaçılara külli miqdarda pul verib çağıran da azərbaycanlılardır. 

- Moskvada bizimkilər çağırır da onları. Orada yaşayan azərbaycanlılar dəvət edirlər və bir növ həmin müğənniləri məşhurlaşdırırlar. Amma mən buna pis baxmıram. Bir dəfə Moskvada dostumun toyu olmuşdu. Məndən xahiş etdi ki, gəl iştirak et, kömək elə. Orada Kirkorovu çağırdıq. Bax o, əsl toy müğənnisidir. Gəldi, çox gözəl şou göstərdi, pulunu aldı, getdi. Bizdə də belə müğənnilər var. Nə olsun? Bu da sənətdir. Bu insanlar da haradansa qazanc əldə etməlidirlər. Deyirəm də, estrada üçün ayrıca sistem yoxdur. Estrada şöbəsi heç yerdə yoxdur. Tutaq ki, açdılar estrada şöbəsini. Bəs sonra kim onları rayonlara göndərəcək? İndi o sistem yoxdur. Mədəniyyət evi var, amma mədəniyyət yoxdur. Kino göstərən yoxdur, konsert verən yoxdur. Amma pullar ayrılır. Guya həmin mədəniyyət evi işləyir.

- Bir müsahibənizdə demişdiniz ki, evinizdə Quran var və onu oxuyursunuz. Maraqlıdır, siz Tanrını necə görür, necə hiss edirsiniz? 

- Quranım rus dilindədir. Mən ərəbcə oxuya bilmirəm. Bilirsiniz, mənim dinə böyük hörmətim var. Amma fanat deyiləm. Din dindir. Orada xeyirli şeylər yazılıb. Məsələn, içki içmə, donuz əti yemə. Mən içki içmirəm, donuz əti də yemirəm. Din insanı təmizləyir. 

- Bura tez-tez gəlib-gedirsiniz. Azərbaycanlı sənətçilərdən yaxın dostluq etdiyiniz kimlər var?

- Hamısı gedib də... Gedib. Rauf Babayev də getdi. Axırıncı o oldu. Heyif... Allah rəhmət eləsin. Mübariz Tağıyevlə görüşürük. Polad müəllimlə də yaxşı münasibətimiz var.

- İdmandan söz düşmüşkən, hazırda Dünya Çempionatı keçirilir. İzləyirsiniz? Oyunlar günün çox erkən saatlarında olur. Kimə azarkeşlik edirsiniz?

- Yox, o qədər də maraqlı deyil mənə. Mən özümə baxıram. Səhər durub elə burada idman edirəm.

- Rusiyada fəaliyyət göstərən azərbaycanlı siyasətçilər, ictimai xadimlərlə əlaqələriniz necədir?

- Polad müəllim səfir olarkən tez-tez dəvət edirdilər məni səfirliyə. Elə indi də dəvət edirlər. Görüşürük orada. Ötən ayın 26-da da dəvət etdilər Respublika günü ilə bağlı böyük tədbir oldu. Çıxışlar etdilər. Lazım olanda hər zaman hazıram. 

- Son illərdə bir çox sənətçilərimizi itirdik. Belə vaxtlarda "kaş sağlığında onun haqqında film çəkilərdi" kimi fikirləri tez-tez eşidirik. Xarici sənət adamlarının həyatından bəhs edən maraqlı filmlər də çəkilir. Həyatınızın filmə çevrilməsini istərdinizmi? O filmin adı nə olardı? 

- Əslində mən o qədər istəmirəm. Amma mənim haqqımda film çəkmək istəyirlər. "Təqib" filminin rejissoru Arzu xanım istəyir mənim haqqımda bir sənədli film çəksin. Görək də. Həyat yolumdan. Bu həyat yolunun axırı yoxdur. 

- Siz özünüz də filmlərdə çəkilmisiniz. 

- İlk filmim olub "Musiqi müəllimi". Hə, mən istəmirdim onda da. Özləri məcbur etdi, razılaşdım. Allah rəhmət eləsin Tofiq İsmayılov rejissor, Tofiq Quliyev bəstəkar idi. Mən səhnə adamıyam. Amma kino, teatr başqa sənətdir.

- Amma xarici görünüşünüz elə tam da film üçün olub. 

-Bilirsiniz necədir, mən bəzi insanları tanıyıram, xanımlar xüsusilə. Həyatda görsəniz bəyənməzsiniz, amma ekranda elə görünür ki... Əksinə də var. 

- Sonradan təkliflər gəlmədi?

- Tez-tez  göstərirlər indi o filmi, "Bəyin oğurlanması". O film üçün baş rola məni istəyirdilər. Filmin rejissoru Tofiq İsmayılov olacaqdı. Dedim ki, "Tofiq müəllim, mən ssenarini oxudum, kənd yeri, traktor işi, mən deyiləm, hiss etmirəm". "Musiqi müəllimi" belə idi ki, elə musiqi ilə bağlı idi. Tofiq müəllim də dedi ki, "əgər sən çəkilməsən, mən də o filmi çəkməyəcəm". Kişi kimi sözünü də tutdu, çəkmədi. Bilirsiniz o filmin səhvi nədədir? Orada nə qədər məşhur aktyorlar var və bir-birini öldürürlər. O məşhurluq itir. 

- Dediyiniz kimi, bəzi filmlər var ki, efirlərdə ardıcıl olaraq görürük. Gənc nəslin nümayəndəsi kimi deyirəm ki, hələ də bayramlarda ekranlarda köhnə filmlərimizi təkrar-təkrar izləyirik. Sizcə, niyə bu filmlərimiz yenilənmir? 

- Səbəbi odur ki, sənət ölüb. Peşəkarlar gediblər, təzələr də yetişməyiblər. 

- Yəqin ki, xanımlar tərəfindən ən çox sevgi etirafı eşidən sənətçilərimizdənsiniz. O vaxt sosial şəbəkələr yox idi. Bəs xanımlar sizə olan maraqlarını necə bildirirdilər? Onlar arasında məşhurlar olub?

- Bilirdilər harada qalıram, gəlib zəngi basıb qaçırdılar. Qapıya gül və üzərində yazılı not qoyurdular. Televiziyaya çox yazırdılar. Çox məktublar gəlirdi.

Bir dəfə bir oğlan da öz taleyini yazıb göndərmişdi və onun nəticəsində "Xalidə" mahnısı yazılmışdı. 

- Bəs sizin seçiminiz necə oldu? Xanımızla necə tanış olmuşdunuz?

- Mənim xanımım musiqidir. Bilirsiniz, sənətçi öz həyatını ki, həsr edir sənətə, musiqiyə onun yanında elə bir xanım olmalıdır ki, bir az özünü qurban verməlidir. Başa düşməlidir ki, bu şəxsiyyət ayrı şəxsiyyətdir. Deməsin ki, "bəsdir, gəl mənə də vaxt ayır". Düşünməlidir ki, "mən nə xoşbəxtəm ki, bu adamın yanındayam". 

- Özünün ikinci planda olmasını qəbul etməlidir. 

- Hə, qəbul etməlidir. Bu da özünü qurban verməkdir bir az. Bu da ağıllı qadın deməkdir. 

- Gecikən məhəbbətiniz, ya da yarımçıq qalmış bir sevgi hekayəniz olubmu?

- Mənim ilk məhəbbətim olub. İlk məhəbbətin həmişə finalı xoşbəxt olmur da, ona görə "ilk məhəbbət"dir. O tikan ki ürəyində qalır ha, ilk məhəbbətdən, sən qarşılaşdınsa, onunla görüşmə. Qoy o tikan qalsın. Onu tanıyanda 20 yaşım var idi, görüşəndə isə artıq 29 yaşım. Mən də dəyişmişdim. Ona görə deyirəm: rastlaşdınsa, bəzən görüşmə, qoy o tikan qalsın ürəyində. 9 il keçəndən sonra onunla görüşdüm və... o deyildi. Dedim, mən niyə görüşdüm? O tikan da getdi. Amma görüşməsəydim, o tikan qalacaqdı ki, "hə, hələ də sevirəm".

"Gecikən məhəbbətim" mahnısını Tofiq Bayramov yazıb. Onun həyatında belə bir məhəbbət olub. Məndə isə belə bir məhəbbət olmayıb. İndi 43 il keçib. Yaşlaşdıqca o mahnının sözlərini daha fərqli hiss edirəm. Əsas mahnıda sözlərdir, musiqi yox. Mən musiqiçiyəm, amma birinci söz gəlir. Söz musiqiyə istiqamət verir.

- Bayaq siz gənclərə də məsləhət verdiniz ki, arzularının, istəklərinin ardınca getsinlər, ailə quranda da sevdikləri insanla qursunlar. Amma bu gün o arzuların dalınca getməyə mane olan bəzi nüanslar var. Gənclərin ailə qurmasına mane olan məsələlərdən biri də ev məsələsidir.

- Ev, bəli. Cavanlar gərək tək yaşasınlar. Mən sizə deyim, problem valideynlərdədir. Məndə dostlarım var, oğlu bir qızı bəyənirdi, hər ikisi yaxşı idi. Amma oğlanın atası dedi ki, "gəlini bizim evdə yaşatmalısan, mənimlə bir evdə". Bu nə mentalitetdir? Ayıbdır axı. Ata olaraq sən oğluna mane olursan. 

Sən utanmırsan? Qıymırsan oğlun getsin, ayrı yaşasınlar. Necə səninlə yaşasın? Bir vannaya, bir tualetə getsin? Bəzi şeylər var da qız xeylağıdır olmaz axı. Onlar uzaqlaşdılar bir-birindən, vidalaşdılar. Sındırdı oğlunun istəyini. Belə valideyn olar? Mən qızıma ev almışam, ayrı yaşayır. Hərdənbir soyuqlayıram, xəstə oluram, qıymıram ona ki, soyuq havada qızım gəlsin. Özüm gedib dərman alıram. Mən belə tərbiyə almışam. Sən utanmırsan?! Hə, bəlkə ayağını da yusun sənin?! İnandırım səni "Mercedes" sürür! Sənə "Mercedes" yaraşmır e, eşşəyin üstündə gəzəsən gərək o mentalitetlə. Bax, belələri bizi biabır eləyir. 

- Gözəl bir məsələyə toxundunuz - tərbiyə. Övlad tərbiyəsi bu gün çox müzakirə olunur. Siz daim səfərlərdə olan bir insan olmusunuz. Uşağı kim tərbiyə etməlidir - valideyn, yoxsa cəmiyyət?

- Qadın bir az yumşaq olur. Ata isə qayda-qanun yaradır. Əslində ikisi də. Qız uşağı üçün ana, oğlan üçün ata daha önəmlidir. Bəziləri deyir ki, "oğlum olacaq". Yox, qız daha yaxşıdır. Qız ataya daha çox bağlı olur, mehriban olur. Qız uşağı ailəyə daha çox baxır.

- Bəs sizin üçün gözəl xanım obrazı necədir? 

- Birinci ana hissidir - qadınlıq, istilik, ana aurası. Daxili gözəllik olmalıdır. Xarici gözəllik isə müvəqqətidir. Əvvəl görürsən bəyənirsən, sonra danışanda görürsən tamam başqa insandır. İç gözəllik daha vacibdir.

- Amma bu gün xanımlar estetik prosedurlara, əməliyyatlara müraciət edirlər...

-  Mən xanımlara məsləhət görərdim ki, daxili gözəlliyə daha çox fikir versinlər. Bilirsiniz, xarici gözəllik kimə lazımdır? Eskorta lazımdır. O ki satırlar özlərini... O biznesmenə onun daxili dünyası heç lazım deyil! Buna lazımdır, qəşəng qız yanında getsin, vəssalam. Əgər belə kişi axtarırsa, o zaman uyğundurlar da bir-birinə, xoşbəxt olsunlar.

- Uzun illərdir səhnədəsiniz. Ən yaddaqalan hadisə nə olub?

- O qədər səhnə olub ki... Böyük də, kiçik də. Amma harada olmağından asılı olmayaraq, sən öz statusunu saxlamalısan. Səhnə çox gözəl şeydir. Mən səhnədə özümü suda balıq kimi hiss edirəm. Mənim üçün dərmandır.

- Heç sənətdən uzaqlaşmağı düşündüyünüz olubmu?

- Heç vaxt! Mənim həyatımda elə olub ki, bir gündə dörd solo konsert vermişəm. Canlı oxuyuram. Yorulmamışam.

- Bəzi sənətçilər yaşlandıqca daha çox özlərinə qapanırlar...

- Mən əksinə. Mən yaş hiss etmirəm. Məndə proses sanki geriyə yox, irəli gedir. Son konsertim 14 fevralda oldu, heç yorulmadım, səhərə qədər oxuyardım.

- İfa etdiyiniz mahnılar arasında ən sevdiyiniz hansıdır?

- Əsas odur ki, sözləri xoşuma gəlsin. Musiqisi də uyğun olsun. Tək öz mahnılarım yox, çox bəstəkarlarımızın əsərlərini sevirəm. Məsələn, Tofiq Quliyevin mahnılarını çox bəyənirəm.

- Bu gün nə dinləyirsiniz?

- Cazı sevirəm. Səhər duranda caz qoyuram, özü üçün gedir. Pop musiqini o qədər də sevmirəm.

- Geriyə baxanda "kaş ki" dediyiniz məqamlar varmı? Nəyi dəyişmək istərdiniz? 

- Kaş ki, o qastrol səfərləri yenidən olardı. O dinamika olardı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
Mənbə: news.milli.az