Son günlər bir-birinin ardınca yeni mahnılar təqdim edən müğənni Lətifə daha bir işini izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, sənətçi bu dəfə vətənpərvərlik mövzusuna üz tutub. “Biz azərbaycanlıyıq” adlanan mahnı artıq sənətçinin sosial şəbəkə hesablarında paylaşılıb. Bəstənin müəllifi Güneledir.
Yeni işindən danışan Lətifə layihəni belə izah edib:
“Bu layihədə biz sadəcə bir mahnı təqdim etmədik: Azərbaycan ruhunu göstərmək istədik. Əsrlərlə yaşayan qədim xalqın gücünü, yaddaşını və genetik kodunu musiqi ilə hiss etdirmək istədik. Çünki bizim qanımızda xan qüruru da var, bəy mərdliyi də, sərkərdə cəsarəti də.
Biz bu əsərlə göstərmək istədik ki, azərbaycanlı olmaq sadəcə milliyyət deyil: Bu, Vətənə bağlılıqdır. Torpağını sevməkdir Vətənə qulluq etməkdir. Onu qorumaq, xidmət etmək və gələcək nəsillər üçün daha da gözəl saxlamaqdır. Bu, cinematic layihədə qədim ruhu müasir Azərbaycanla birləşdirdik. Çünki bu gün dünya Azərbaycana baxır. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar ölkəmizin gözəlliyinə, Bakının möhtəşəmliyinə, burada olan inkişafa və sülh atmosferinə heyran qalırlar. Bu isə bizim üçün böyük qürurdur. Azərbaycan hər keçən gün daha da gözəlləşir, daha da güclənir və dünyaya öz nurunu yayır. Biz isə bu gözəl Vətənin övladları olaraq onunla fəxr edir, onu sevir və qəlbimizdə daşıyırıq. Bu mahnı dünyanın hər yerində yaşayan bütün azərbaycanlılara ithaf olunur. Çünki harada olmağımızdan asılı olmayaraq, ürəyimizin adı birdir: Azərbaycan”.
















