"Türkiyədə hər gün məşhurların tutulması ilə bağlı xəbərlər artıq bezdirib. Belə xəbərlər yorucudur, heç bir marağı və təsiri yoxdur. Guya məşhurlar vasitəsilə belə bir mesaj verirlər: "Məşhursansa belə, toxunulmaz deyilsən". Çox güman ki, məqsəd bu mesajı ötürərək qorxu yaratmaqdır".
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.
İfaçı qeyd edib ki, bu cür xəbərlər ictimai diqqəti yönləndirmək məqsədi daşıyır:
"Guya psixoloji təsir yaradırlar: gənclər üçün "cool" görünməsin, qorxu və çəkindirmə effekti formalaşsın. Eyni zamanda, ictimai diqqəti yönləndirmək məqsədi də daşıyır (siyasi aspekt də ola bilər), amma özləri də istəmədən reklam etmiş kimi olurlar. Bəzən belə əməliyyatlar gündəmdəki digər problemlərdən diqqəti yayındırmaq məqsədilə də edilir. Məşhur adı varsa, xəbər yayılır, reytinq artır, sosial mediada viral olur".
N.Suri medinın belə xəbərləri yaymamağı məsləhət görüb:
"Seriallarda da mövzu, əsasən, qadağan olunmuş maddələr üzərində qurulur. Guya mübarizə aparır, amma əslində reklam etmiş olurlar. Bu cür xəbərlər, eləcə də bu mövzuda çəkilən film və seriallar əks təsir göstərir. Yəni məqsəd yayındırmaqdırsa, nəticədə reklam və cəlbetmə effekti yaranır.
Xahiş edirəm, bizim media belə xəbərləri paylaşmasın".
Xatırlatma: Türkiyədə davam edən narkotik əməliyyatı çərçivəsində bu gün 14 nəfər saxlanılıb.
Milli.Az
















