"Mənimlə Solovyovun dili ilə mübahisə edirdilər"

"Mənimlə Solovyovun dili ilə mübahisə edirdilər"

Ötən günlərdə Rusiyaya buraxılmayan prodüser Emin Əfəndi bununla bağlı açıqlama yayıb.

OLAY yazır ki, o bu barədə Teleqram hesabında yazıb:

“Bəli, bu dəfə sən qapını üzümə açmadın, nə bir rəsmi izah verdin, nə də bir aydın söz söylədin, sadəcə bir sutka ərzində “sən gözlə” deyib pasportumu, bu zəmanədə pasportdan da qiymətli olan telefonumu əlimdən aldın, susdum, gözlədim, izah istədim, amma cavab yox idi, verdiyin qırıq sözləri isə sanki zorla, dilinin ucundan çəkib çıxardım.

Əvvəl dedin ki, günahım Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyimdir, ola bilər, bu sənin vətəndaşın üçün ağır və bağışlanmazdır, amma mən Azərbaycan vətəndaşıyam, yaxşı anlayıram ki, qəzəbin Ukraynaya münasibətimdən çox, gündən-günə güclənən dövlətimədir. Əgər söhbət ərazi bütövlüyündən gedirsə, ölkəmin başçısı daha ilk gündən Ukraynanın sərhədlərini tanıdı və dəstəklədi, mən də vətəndaş olaraq bu siyasətlə razıyam.

Sən milyon dəfə “xüsusi hərbi əməliyyat” desən də, hamı bilir ki, bu müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir, mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşür, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Orvellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən.

Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığdılar, hamını ən azı iki saat gözlətdilər, bəzilərini, mənim kimi, ümumiyyətlə buraxmadılar, bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir.

Bir sutka ərzində müxtəlif, əsasən də müsəlman ölkələrindən gələn insanlarla bir yerdə oldum, onlarla söhbət edərkən anladım ki, ölkəmizə münasibət dəyişib, o insanlar bizə xüsusi hörmətlə yanaşır, başa düşür, həmrəylik göstərirdilər, biz bunu müstəqil siyasətimiz və ədalət savaşımızla qazanmışıq. Sorğu-sual aparan paqonlular isə sadəcə dindirən deyildilər, onlar sanki Solovyovun dili ilə mənimlə mübahisə edir, özlərini haqlı göstərməyə çalışırdılar, həmin anda bir daha dərk etdim ki, ölkəmiz böyüyür, güclənir, inkişaf edir və bu inkişaf çoxuna sərf etmir.

Sənə qarşı heç vaxt hörmətsizlik etmədim, sadəcə hər şeyi adı ilə çağırdım, amma sən mənə bir sutkalıq boşluq, səssizlik və izahsızlıq yaşatdın, bu, təkcə mənim hekayəm deyil, bu, bu gün yüz minlərlə azərbaycanlının Rusiyada yaşadığı reallığın kiçik bir parçasıdır.

Səninlə yollarımız bura qədərdir, Rusiya, bilirəm ki, sənə qayıdışım çətin ki, baş versin, bu, mənim üçün bağlanan qapı deyil, bu, sənin üzünə bağlanan güzgüdür, səninlə vidalaşıram, amma sənin kölgəndən qorxmadan gedirəm, çünki arxamda böyüyən və güclənən dövlətim var”.