Kanal D-nin sevilən serialı “Eşref Rüya”nın aktyoru Görkem Sevindik fələstinli əsirlərlə bağlı sosial media hesabında etdiyi paylaşım səbəbilə İsrailin Təhlükəsizlik naziri İtamar Ben-Gvir tərəfindən hədəfə alınıb.
OLAY yazır ki, “Eşref Rüya”da “Kadir” rolunu canlandıran Görkem Sevindik sosial media hesabında“12 min fələstinli məhbusun edamı təsdiqlənib. Bunların 4 mini uşaqdır. Əgər insanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq? Əgər bu gün insan olduğumuzu göstərə bilməyəcəyiksə, nə vaxt göstərəcəyik? Xahiş edirəm susmayın. Paylaşın. Bu edamlara qarşı çıxın…” sözlərini yazıb.
Sevindikin bu paylaşımı İsraildə böyük əks-səda doğurub. Təxribatçı açıqlamaları ilə diqqət çəkən İsrailin Milli Təhlükəsizlik naziri Ben Gvir videolu mesajla Sevindikə cavab verərək belə deyib:
““Eşref Rüya”dakı Kadir. Sən heç vaxt Kadir Baba ola bilməyəcəksən. Biz İsraildə yaşayırıq. Sən türk serialında oynayırsan. Terrorçular üçün edam cəzası artıq qüvvədədir.”
Bundan sonra İsrail siyasətini dəstəkləyən çox sayda sosial media istifadəçisi “Kadir” təhdid mesajları göndərib, həmçinin serialın boykot edilməsi üçün çağırışlar edib.

















